Bu keksi yayda hazırlamışdım, necə olubsa qalıb paylaşmamışam.
Lazım olanlar:
3 ədəd yumurta
100 q kərə yağı
100 q qaymaq (mənim istifadə etdiyim duru qaymaq idi)
230 q şəkər tozu
250 q un
5 q şəkərli vanilin
5 q qabardıcı toz
2 dolu x.q kakao tozu
3-4 x.q isti su
Qanaj üçün:
100 q qaymaq
110 q şokolad
Hazırlanması:
Şəkər tozu ilə otaq temperaturunda yumşalmış kərə yağını mikserin ən sürətli rejimində 5-6 dəqiqə çalırıq. Sonra yumurtaları tək tək əlavə edib yenə çalırıq. Otaq temperaturunda olan qaymağı bura əlavə edib 1 dəqiqə qarışdırıb mikseri qoyuruq kənara. Unun içinə qabardıcı toz və şəkərli vanilini qatıb qarışdırırıq. Hazırladığımız məhlula unu ələyib, əl çırpıcısı ilə qarışdırırıq. Xəmirin yarısından biraz azını başqa bir qaba ayırın. Kiçik bir qabda kakao tozu ilə suyu qarışdırıb, sonra yarısını ayırdığınız xəmirə əlavə edib qarışdırın. İki rəngdə xəmir olur. Kərpic formalı keks qəlibin içinə yəni səthinə yağlı kağız sərin. Kənarlarını kərə yağıyla yağlayıb, üstünə un əlavə edin. Qalan unu qəlibdən boşaldın. Ağ xəmirin dörddə birini qəlibə tökün, ardınca kakaolu xəmirin də dörddə birini əlavə edin. Sonra yenə ağ xəmir və yenə kakaolu xəmiri əlavə edin. Belə xəmir bitənə kimi davam edin. Yağ bıcağı ilə xəmirdə S hərfi kimi qarışdırın, iki rəngdə bir birinə qarışsın. Əvvəlcə dən isidilmiş 180 dərəcəli soba da 35-40 dəqiqə bişirin. Vaxt sobadan sobaya dəyişir. Nəzarətdə saxlayın. Çöp ilə bişib bişmədiyini yoxlayın.
Qanaj üçün ocağa bir qab qoyun. İçinə qaymağı əlavə edib qızdırın amma qaynadmayın. Qızan qaymağı ocaqdan götürün içinə şokoladı əlavə edib 1 dəqiqə gözləyin, sonra qarışdırın. Eyni cinsli kütlə alınsın. Keks bişib ilıq soyuq arası olanda qanajı üstünə əlavə edin.
Hazırlayanlara Nuş olsun.


No comments:
Post a Comment