March 19, 2022

Qozlu paxlava


Novruz bayramınız mübarək. 🌼 
Nəhayət ki, resept yazabildim 5 dəqiqə vaxt eləyib şəklini də çəktim ki resept yenə qalsaydı olmazdı.


Xəmir üçün lazım olanlar:
150 q kərə yağı
200 q xama (yağlılığı 20-25%)
200 ml süd
1 bütöv yumurta + 1 yumurtanın sarısı
650 q un
1 ç.q duz
yarım ç.q quru maya

İçlik üçün:
600 q qoz ləpəsi
400 q şəkər tozu
1 ç.q şəkərli vanilin və ya hil

Şərbəti üçün:
300 q şəkər tozu
1 stəkan yarım su (300 ml)
çay qaşığının üçdə biri qədər sarıkök
bir çay qaşığı limon suyu

Yağlamağa:
130 q kərə yağı

Üstünə tökməyə:
130 q ərimiş tortasız kərə yağı

Hazırlanması:
İçlik üçün qoz ləpəsini blender də üyüdüb, bir qaba boşaldın üzərinə şəkər tozu və hili əlavə edib qarışdırırıq.

Şərbəti hazırlayaq bunun üçün qazana su,limon suyu və şəkər tozunu töküb 8-10 dəqiqə orta odda qaynadın. Sonra sarıkök ( varsa zəfəran dəmləməsi olar) əlavə edib qarışdırın və altını söndürün.

Xama və yumurtaları əvvəlcədən soyuducudan götürmək lazımdır ki otaq hərarətin də olsun, xəmiri soyutmasın.
Südü bir qazana tökün ilıq olandan sonra 1-2 xörək qaşığı süddən götürüb,bir qaba tökün və üstünə mayanı əlavə edin. Mayanı süddə açın. Yağı da südün içinə atın südün istiliyi ilə yağ ərisin. 
Unu dərin qaba ələyin,içini hovuz kimi açın. Duz,yumurta,xama, süddə həll etdiyimiz maya,yağlı südü bura əlavə edib yaxşıca xəmir halına düşənə kimi yoğururuq. (istəsəniz hamısını ayrı bir qabda əl çırpıcısı ilə yaxşıca qarışdırıb sonra unun içinə tökün) 
Yoğrulan xəmiri üstü bağlı vəziyyətdə 30-40 dəqiqə dincəlməyə qoyun. Dincələn xəmiri iki böyük digərləri nisbətən kiçik olmaq şərti ilə 11-12 hissəyə bölün.
Azca unlanmış taxta üstündə yenidən dincəlməyə qoyun təxmini 15 dəqiqə.

Bir böyük kündə ən alt,digər böyük kündə isə ən üst hissəni təşkil edəcək.



Paxlavanı hazırlayacağınız tavanı yağlayın. Böyük kündələrdən birini götürün azca un töküb oxlov ilə yayın tavanızın böyüklüyündə olsun. Alt hissə qalın olmalıdır, digər qatlar kimi incə olmamalıdır.
Xəmiri tavaya yaydıqdan sonra üstünə 1 x.q yağ əlavə edib fırça ilə hər yerinə yağı yayın. Üstünə qozlu içlikdən 2-3 xörək qaşığı töküb barabər formada içliyi yayın.
Resepti götürdyüm yerdəki xanım ara qatlara yağ çəkmədən sadəcə içlik töküb hazırlamışdı. Amma azca yağlayıram ki həm içlik yapışsın,həm də nə bilim elə hazırlamağa öyrəşmişik. :)
Nisbətən kiçik kündələri bir-bir götürüb yayırsınız,eyni prosesi bir kiçik kündə və böyük kündə qalana kimi edirsiniz.


Ən axıra çatanda bir kiçik kündəni yayırsınız onun üstünə ancaq yağ çəkirsiniz və böyük kündəni yayıb üstünə qoyursunuz. Beləliklə paxlava hazır oldu. Axırıncı böyük kündə dən bir əvvəlki kündəyə içlik ona görə tökülmür ki, qapaq yəni üst hissənin altından xırda xırda qoz dənələri görsənməsin. Görüntü olaraq yaxşı görünmür.

Xətkeşi qoyub xəmirin üzərinə bıçaq ilə tavanın uzununa xətlər çəkirsiniz.Çox dərinə getməyin. Sonra həmin xətləri eninə də təkrar edirsiz romb formasına olmalıdır. Çalışın kiçik edin ki səliqəli olsun böyük olanda kobud olur. 


Sonra səthi çəkdiyiniz xətləri dərindən kəsirsiniz. Üstünə bir bütöv yumurtanı yaxşı çırpıb fırça ilə xəmirin  üzərinə çəkirsiniz. Qoz ləpələrini hər bir dilimin üstünə yerləşdirib içə doğru basırsız. Çox basmayın qapağı qalxmasın.


185 dərəcəli əvvəlcədən isidilmiş soba da 20 dəqiqə bişirin. Sonra çıxardıb tortasız kərə yağını üstünə əlavə edib,kəsdiyimiz yerlərdən bir də keçib sobaya bişməyə göndərin. Tam qızarandan sonra sobadan götürün 1-2 dəqiqə sonra soyuq şərbəti isti paxlavanın üstünə gəzdirin. Paxlavanın şərbətini çəkməsi üçün bir kənarda soyuyana kimi gözləyin.

Resepti Gunel Ahmedova youtube səhifəsindən götürmüşəm. Çox sağolsun ki belə bir resepti bizimlə bölüşüb. Sınadığımız ən qəşəng paxlava reseptidir. Sizdə hazırlayın əminəm ki çox dadlı olacaq.


Qeyd* Xəmir üçün xama və yumurta otaq temperaturunda olmalıdır.
Qoz ləpəsi acı olmamalıdır.
Şərbət mütləq soyuq olmalıdır.
İçlik üçün qoz və şəkər tozu eyni miqdarda yox şəkər tozu nisbətən az olmalıdır ki bişən zaman içindən daşmasın.

Hazırlayanlara Nuş olsun.

No comments:

Post a Comment