October 24, 2021

Fıstıqlı tort


Fıstıqlı tort və ya
подарочный торт.
Çoxdan bişirmişdim amma necə olubsa yadımdan çıxıb resepti yazmamışam.
Yumşaq həmdə dadlı tortdur, dadların bir-birinə tam keçməsi üçün ən azı yarım gün gözləyən də daha yaxşı olur. 


Biskvit üçün lazım olanlar:
5 ədəd yumurta (normal böyüklükdə kiçik olmasın)
180 q şəkər tozu
150 q un
30 q qarğıdalı nişastası
Bir çimdik duz
5 q şəkərli vanilin

Krem üçün:
125 ml süd
150 q şəkər tozu
1 yumurtanın sarısı
5 q vanilin
200 q kərə yağı

Üstü və kənarları üçün:
200 q qovrulmuş duzsuz fıstıq


Hazırlanması:
Fıstıqları tavaya töküb ocaqda, qızarana kimi qovurun amma orta zəif arası odda qovurun ki, yanmasın. Qabıqlarından təmizləyib böyük tikələr halında  doğrayın və bir qaba tökün.

İndi isə kremi hazırlayaq. Krem üçün bişirəcəyiniz qazana süd,şəkər tozu və yumurtanın sarısını əlavə edib yaxşıca qarışdırın. Ocağı orta odda yandırın və qazanı ocağa qoyub dayanmadan qarışdıraraq kremi bişirin. Krem bişəndə yəni qaynamağa başlayanda ocağın hərarətini azca zəif edin. Yenə qarışdırın təxmini 20-25 saniyə. Kremdən bişən zaman qabarcıqlar çıxmalıdır.
Sonra ocaqdan götürün içinə vanilini əlavə edib qarışdırın. Başqa bir qaba ələk qoyun, içinə kremi boşaldıb ələkdən keçirdin kremi və üstünə streç plyonka sərin. Əvvəlcə sizə duru gələ bilər amma qaldıqca qatılaşır. Kremi ələkdən tam hamar olması üçün keçirdirik.

Keçək biskvitə. Yumurtaları ehtiyyatla ağını sarısından ayırın,çalışın içinə yumurtanın sarısından bir damcı belə düşməsin. Ağına bir çimdik duz əlavə edib mikserin sürətli rejimində təxmini 2 dəqiqə çalın. Daha sonra şəkər tozunu asta-asta çaldığınız yumurta ağına əlavə edin. Yumurta ağını tam bərkiyib, ağarana kimi çalırsınız və ardınca yumurta sarılarını bir-bir əlavə edib yenə tam qarışana kimi çalırsınız. Qatı və həcmli olmalıdır.
Un,nişasta və vanilini ələyib ehtiyyatla qarışdırın. Çalışın altdan üstə doğru qarışdırın bəzən dibinə un çökür adama elə gəlir ki qarışıb, amma qəlibə boşaldan zaman altda unun qaldığını yəni qarışmadığını görürük.
Sobanı 180 dərəcə də işə salırsınız. 21-22 sm olan biskvit qəlibinin səthinə yağlı kağız sərirsiniz. (Kağızsız etmirəm çünki qəlibdən çıxarmaq çox əziyyətli olur.)
Xəmiri qəlibə boşaldın və biraz qabı yavaşca silkələyin, qəlibin içinə xəmir tam bərabər paylansın Göndərin getsin sobaya ilk 30 dəqiqə heç vaxt sobanı açmayın. Üstü qızarmaq istəyən zaman yəni sarı qəhvəyi arası rəng olanda açın, hələ çöp batırmağa tələsməyin. Qabı astaca silkələyin gördünüz ki, üstü tərpənir onda sobanın ağzını örtün. 15-18 dəqiqə sonra yenə eyni prosesi edin tərpənmirsə çöp batırın əgər çöp təmiz çıxırsa deməli hazırdır.

Bişən biskviti sobadan çıxardın 5 dəqiqə kanarda gözləsin, daha sonra qəlibin kənarlarından bıçaqla keçin,qəlibdən biskvit ayrılsın.
Tərs fırladın telin üzərinə və altından kağızı qopardıb götürü. Əslində bunlar üçün xüsusi soyutma telləri var və mən hələdə ala bilməmişəm bunlardan. Sobanızın içindəki teli çıxardıb onun üstünə də qoymaq olar. 

Kremi üçün yumşaq kərə yağını mikserin ən sürətli rejimin də 5-7 dəqiqə ağarana kimi çalın. (mikserinizin sürətindən asılı olaraq bu vaxt dəyişə bilir) Bura soyumuş bişmiş məhlulu asta asta əlavə edib dayanmadan yenə çalın. Havalı və bərk krem olmalıdır.

Soyuyan biskviti iki hissəyə ayırın və kremin yarısını biskvitin üstünə çəkin. Digər korju da qoyub, üstünü və kənarlarını kremləyin. Doğranmış fıstıqla tortun hər bir tərəfini örtün. Yay ayında soyuducuya qoyun qış aylarnda balkon və s. kimi yerdə saxlamaq olar. Əlbətdə ki, üstü bağlı bir tort qabında saxlamaq şərti ilə.
Tortun üstünə bəzək üçün  şəkər kirşanı tökürlər amma mənim yadımdan çıxıb. :) Çoxda hündür tort olmur amma dadlı olur məncə belədə yaxşıdır.

Hazırlayanlara nuş olsun.


No comments:

Post a Comment