Bu rulet çox yumşaq həmdə dadlı olur. Bayramdan qalan şəkərbura,paxlava içliyiniz çoxdursa onda bu resept ilə həmin içliyi dəyərləndirə bilərsiniz. Bir neçə dəfə bişirmişəm ürəyimcə olmayıb. Amma bu dəfə ki dadlı oldu ona görə dedim itməsin resept burda qalsın.
Lazım olanlar:
200 ml süd (1 stəkan)
80 q kərə yağı
1 ədəd yumurta
1 dolu ç.q quru maya
1 ç.q duz (təpələmə dolu yox)
2 ç.q şəkər tozu
şəkərli vanilin 1 ç.q
430-450 q un
İçlik üçün:
170 q qoz ləpəsi
130 q şəkər tozu
çay qaşığının dörddə biri qədər hil
Üstünə:
1 yumurtanın sarısı
Arasına sürtməyə:
1 yumurtanın ağı
Hazırlanması:
Südü bir qaba töküb ocağa qoyursuz. İstilənməyə başlayanda (süd qaynamasın ilıq isti arası olsun. Əl yandırmayacaq temperaturda) ocaqdan götürüb içinə quru maya və şəkər tozunu töküb qarışdırın. Üstünü nəlbəki və ya streç ilə bağlayıb 10-15 dəqiqə köpüklənməyini gözləyin. Bu vaxt ərzində yağı qaynadmadan əridin. Unu bir qaba ələyib içinə vanilini və duzu qatıb qarışdırın. Daha sonra unun içini hovuz kimi açın. Bura yumurta,mayalı südlü qarışıq,kərə yağı və duzu əlavə edin. Yaxşı bir-birinə qarışdırıb xəmir halına salın. Xəmir yumşaq olur lakin ələ yapışmır buna diqqət edin. Çox özündən gedən xəmir olanda bişən vaxt kənarlardan partlayıb içi daşa bilər. Üstü bağlı vəziyyətdə 1 saat 1 saat yarım müddətində xəmiri mayalanmağa qoyun. Həcmi iki dəfəyə qədər artmalıdır.
Mayalanan xəmiri azca unlanmış taxta üstündə bacardığınız qədər dörd künc formada çox incə olmamaq şərti ilə yayın təxmini yarım sm. Yumurta ağını çəngəllə biraz çalın, daha sonra yaydığımız xəmirin üstünə fırça ilə sürtün aşağı hissəsində bir barmaq yer buraxın ora sürtməyin. İçliyi xəmirin üstünə əlavə edin lakin sağ-sol, yuxarı və aşağı hissələrdə 1 sm boş bıraxın ki,buran zaman içlik çölə çıxmasın. Bacardığınız qədər nə çox sıx nə də boş olmamaq şərti ilə rulet formasında bükün. Elə bil xalça qatlayırsınız :D Yumurta ağı olmayan hissə ilə də diğər xəmiri əlinizlə bir birinə birləşdirin və birləşən yer altda qalmaq şərti ilə soba tavasına qoyun. Tavaya yağlı kağız sərmək olar. Yoxdursa azca duru yağ ilə yağlayın. Mən kağız sərmişəm.
Tavada da 30 dəqiqə yenidən mayalansın. Sobanı 180 dərəcə alt-üst rejimdə əvvəlcədən qızdırn. Ruletin üstünə və kənarlarına yumurta sarısını sürtün və göndərin sobaya.
Qızarana kimi bişirin 30-35 dəqiqə bəlkədə daha çox, siz öz sobanıza görə hərəkət edin.
Hazırlayanlara nuş olsun.



No comments:
Post a Comment