March 20, 2021

Şəkərbura


Novruz bayramınız mübarək olsun. Allah can sağlığı,ruzi-bərəkət, firavan həyat nəsib etsin. 🌱

Şəkərbura resepti bayram süfrələrinin əvəzolunmaz şirniyyatı. Bişirdikdən sonra çəkmişəm şəklini, əslinə qalanda keçən ildən paylaşmaq istəyirdim bu resepti qismət bu ilə imiş. 
Anam hazırlayan zaman məndə addım-addım içliyi doldurma və bükmə mərhələsinin fotosunu çəkmişəm.


Lazım olanlar:
1 yumurta
100 q xama (yağlılığı 20%)
130 q kərə yağı
100 ml süd
1 ç.q duz (normal dolu)
çay qaşığının dört də biri qədər quru maya (mayanı çox vuranda naxışları itir şəkərburanın)
550-570 q un

İçlik üçün:
300 q qoz ləpəsi
300 q şəkər tozu
1 ç.q üyüdülmüş hil (evdə özünüz üyütməli olsanız 15-20 ədəd götürün, ya qabığlı ya içinin toxumlarını həvəngdəstə də döyün. Kofeüyüdəndə də üyütmək olar)

Hazırlanması:
İlıq süddən 1-2 xörək qaşığı götürün və içinə quru mayanı əlavə edib mayanı süddə açın.
Əvvəlcə unu dərin bir qaba ələyin. Unu hovuz kimi açın, içinə əritdiyimiz kərə yağı,ilıq süd,xama,yumurta,duz və süddə həll olunmuş quru mayanı əlavə edib bərk xəmir yoğururuq. Xəmiri üstü bağlı vəziyyət də 25-30 dəqiqə dincəlməyə qoyun. (çox isti yerdə qoymayın) Qabıqlı qoz böyüklüyündən biraz böyük kündələr hazırlayın, kündələri çox da incə olmamaq şərti ilə yayın.
Bütün kündələri eyni böyda təxmini mürəbbə nəlbəkisi böyüklüyün də yayın, üstünü örtün bir-bir götürüb istifadə edin.
Kündəni açıb içini doldurursuz, çay qaşığı ilə doldurun nə qədər bacarırsız tökün içinə 4-5 qaşıq.


Sonra ehtiyyatla kənarlarını bərk basaraq bükün, çalışın kənarlara içlikdən yapışmasın. 
Bəzən kənarlara azca su da çəkirlər ki yaxşı yapışsın, istəsəniz o üsulu da sınaqdan keçirin. Şəkərburaların içi nə qədər dolu olsa o qədər qəşəng görünür.




Kənarda 7-10 dəqiqə gözləsin şəkərburalar, sonra üstünə maqqaşla naxış vurun. 180 dərəcəli əvvəlcə dən işə salınmış soba da altı qızarıb üstü də quruyana kimi bişirin. 
Gördünüz üstü qızarmaq istəyir ancaq altı bişməyib, onda sobanın üstünü söndürün.
Çox hazırlamaq istəyənlər ərzaqları iki qatına çıxarda bilər. Belə resept yazdım ki ilk dəfə bişirmək istəyən olsa büdcəsini çox əziyyətə salmasın.

Hazırlayanlara nuş olsun.

1 comment: