Badamlı İtalyan peçenyesi biscotti. Baharı gözlədiyimiz vaxt da qar yağdı çox qəribədi. Hava qar yağanda işıqlı olur məndə dedim nəsə bişirim şəklini çəkim. Çox şükür çəkə bildim şəklini, adətən planlarım baş tutmur belə olanda 😄
Lazım olanlar:
300 q un
35 q kərə yağı
2 ədəd yumurta
200 q şəkər tozu
90-100 q bütöv badam içi
1 ç.q qabardıcı toz
1 portağal qabığı rəndəsi (yoxdursa limon qabığıda olar)
Hazırlanması:
Badamları bıçaqla ortadan ikiyə bölün qoyun hazır qalsın. Portağalın ağ yerini rəndələmədən sadəcə narıncı qabığını rəndələyin.
Yumurtaları dərin bir qaba sındırın, üstünə şəkər tozunu əlavə edib əl çırpıcısı ilə möhkəm qarışdırın. Əridilmiş ilıq olan yağı bura əlavə edib qarışdırın. Portağal qabığının rəndəsini əlavə edib yenə qarışdırın. Unun içinə qabardıcı tozu əlavə edib məhlulun içinə ələyib ələ yapışmayan yumşaq xəmir yoğurun. Xəmiri iki hissəyə bölün və baqet çörək forması verin. Hər iki batonu yağlı kağız sərilmiş soba listinə qoyub, 200 dərəcəli əvvəlcədən isidilmiş soba da bişməyə qoyun. Üstləri qızarıb içi də bişəndən sonra soba dan götürüb, ilkin istiliyi getdikdən sonra iti bıçaqla şəkildəki kimi nə çox qalın nə çox incə dilimləyin. Kəsilən yerləri üstdə qalmaq şərti ilə soba tavasına yenidən düzüb 180 dərəcədə 8-10 dəqiqə peçenyeləri qurudun. Soyuduqdan sonra nuş edin. İtalyanlar bu peçenyeni qəhvəyə batırıb yeməyi sevirlərmiş. :)
Hazırlayanlara Nuş olsun.


No comments:
Post a Comment