Linzer peçenye resepti.
Bundan 20-25 gün əvvəl ağlıma bu peçenye düşdü, bir çox xarici bloqlar da görürdüm dedim məndə hazırlayım dadına baxım. Açığı desəm ilk hazırladığımı heç bəyənmədim çox dadsız bir şey olmuşdu. Keçən günlərdə yenə ağlıma düşdü birdə sınamaq qərarına gəldim, bu dəfə ərzaqların miqdarını özüm müəyyən etdim. Şəkər tozu yerinə şəkər kirşanı və ununu az vurmağım peçenyeni tamam başqa bir hala saldı. Çox dadlı iki ədəd incə peçenye arasında giləmeyvəli cem buna heç kim yox deməz. Bu dəfə hazırladığımı çox bəyəndim məncə sizdə hazırlasanız xoşunuza gələcək.
Lazım olanlar:
180 q un
40 q badam unu
120 q kərə yağı
50 q şəkər kirşanı
yarım ç.q qabardıcı toz
1 yumurtanın sarısı
Arası üçün:
moruq və ya çiyələk cemi
(mürəbbə istifadə etsəniz un ələyindən qaşığın arxasıyla basaraq ələkdən keçirdin mürəbbəni, çiyələk və moruğun xırda tumları yeyəndə dişə dəyməməsi üçün edirik bu prosesi)
Hazırlanması:
Unu, qabardıcı tozu və şəkər kirşanını ələkdən ələyin. Bura badam ununu da qatın və qarışdırın bir-birinə. Soyuducudan təzəcə çıxmış yağı da bura əlavə edin əlinizlə yağla quru ərzaqları qarışdırın.
Bir növ umac kimi olmalıdır, soyuq yumurta sarısını da bura qatırıq və xəmir halına salırıq.
Tez xəmir halına düşür, qabda işləmək çətin olsa taxtanın üstündə xəmir halına salabiləriz.
Streç plyonkaya bükün və 30 dəq. soyuducuya qoyun. Sonra azca unlanmış taxta üstündə incə açın 2-3 mm qalınlığında, stəkan ağzıyla yaxud xüsusi peçenye kəsən dəmir halqalarla dairələr kəsin. Bir halqa boş qalır digərinin isə içindən başqa bir fiqurlu kəsən ilə fiqur kəsib götürürsüz beləliklə bütün xəmirləri bu formada kəsirsiz.
Saylarının eyni olmasına fikir verin, yağlı kağız sərilmiş soba listinə düzün 180 dərəcə də əvvəlcədən işə salınmış sobada 14-16 dəqiqə bişirin. Nəzərat etməyi yaddan çıxartmayın, üstü qızılı rəng alıb altı da bişəndə sobadan götürün və soyumağa qoyun.
İlıq olanda üstdə qalacaq olan fiqurlu kəsilmiş hissəyə azca şəkər kirşanı səpin. Digər bütöv peçenyenin üstünə cem çəkin, (mən çiyələk cemi çəkdim moruq,qırmızı qarağat cemi də olar) diğər fiqurlu kəsdiyimiz peçenyeni də üstüə ehtiyyatla qoyun. Çox basmayın peçenye kövrək olduğu üçün çatlamalar ola bilər.
Badam unu üçün: Təxmini 100 qram badamın üstünə (Badamın miqdarı sizə qalıb, istəsəniz lap çoxda etmək olar. Ağzı möhkəm bağlanan şüşə bankada saxlayın) qaynar su tökün, 5-6 dəqiqə sonra suyunu süzüb qabığını təmizləyin. 2-3 qat kağız salfetkanın üstünə sərin ev şəraitində 2 gün qurumasını gözləyin, badamların üstünü də kağız salfetka ilə örtün. Daha sonra tavaya tökün 100-110 dərəcə də isidilmiş sobada 12-15 dəqiqə qurudun badamları.
1 gündə belə ev şəraitin də qalsınlar. Sonra ləpə üyüdən, qəhvə üyüdən və ya güclü blender ilə az-az tökərək üyüdün badamları ələkdən keçirdin böyük tikələr qalsa yenə üyüdün. Unutmayın blender ilə üyüdsəniz həddindən artıq çox fırlatmayın bir müddətdən sonra badam yağını buraxar palçıq kimi olar.
Hazırlayanlara Nuş Olsun!
No comments:
Post a Comment