September 6, 2019
Türkiyə mətbəxi - simit (ev simiti)
Evdə simit hazırlamaq çox da çətin deyil, düzdür əsl türk simiti deyil onu qeyd edim əvvəlcə. Əsl simitin küncütündən tutmuş sobasına kimi bir çox özünə məxsusluğu var. Evdə əlimizin altında olan ərzaqlarla simit hazırlamaq olar, mən dəfələrlə bu reseptlə hazırlamışam. Bir çox evdə doşab olmaya bilər, məndə bunu nəzərə alaraq çoxlu rus kulinariya saytında gördüyüm kimi ballı su ilə hazırladım, çox da dadlı oldu.
lazım olanlar:
300 ml ilıq su
4 x.q duru yağ (qarğıdalı və ya günəbaxan)
1 x.q şəkər tozu
1 ç.q quru maya
yarım ç.q duz
400 qram və biraz artıq un
Üstü üçün:
1 dolu x.q bal (varsa 2 dolu x.q tut doşabı)
100 ml isti su
100-150 q küncüt
Hazırlanması:
İşə marketdən aldığımız küncütü qovurmaqla başlayırıq. Küncütü bir tavaya tökün, qazı orta odda yandırın və dayanmadan qarışdıraraq küncütü qızılı rəng alana kimi qovurun.
Xəmir üçün ilıq suyun içinə şəkər tozunu və mayanı qatıb qarışdırın, ardınca duru yağı və duzu da qatıb qarışdırın. Unu ələyib yumşaq ələ yapışmayan hamar xəmir yoğurun.
Xəmirin üstünü örtüb mayalanmaya qoyun bu müddət 1 saat 1.5 saat arası olur, otağın temperaturundan aslı olaraq. Xəmiri dincəlməyə qoyandan bir saat sonra xəmirin ağzını açın və yenə yoğurub üstünü örtün.
İkinci dəfə yoğurandan 30-35 dəqiqə sonra xəmiri götürün və 9-10 bərabər kündəyə bölün. (mən 10 kündəyə böldüm)
Siropu üçün isti suyun içində balı tamam həll edirik qoyuruq kənara soyusun.
Həmin bu kündələri bir-bir götürüb istifadə edin, bu müddət ərzində yerdə qalan kündələrin üstü qabıq bağlamasın deyə üstlərini mütləq örtün.
Bir kündəni götürün iki yerə bölün, bacardığınız qədər xəmiri qopartmadan uzunsov çubuq formasında edin hər ikisini də sonra baş hissəsini birləşdirin bir-birinə və dolayın.
Xəmirlər bir-birinə dolandıqdan sonra uc hissəsini də yaxşı birləşdirin ki açılmasın, halqa kimi olmalıdır.
Ballı suya hər iki üzünü batırın xəmirin biraz tutun artıq suyu süzülsün, sonra dayaz qaba tökdüyümüz küncütə bulayın yaxşıca və yağlı kağız sərilmiş soba listinə düzün. Bu ardıcıllıqla bütün xəmirləri hazırlayın və üstlərini örtüb 20-25 dəqiqə yenidən mayalandırın.
200-220 dərəcəli əvvəlcədən isidilmiş sobada qızaran kimi bişirin.
Qeyd* Mütləq yağlı kağız üstünə düzün simitləri və doşablı və ya ballı suya batırdıqdan sonra suyunu yaxşıca süzün.
Hazırlayanlara Nuş olsun!
Müəllif:
Məhin
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment