Bulkada da çox qəşəng görüntü və dad verir. Bu bulkanı mən 22 sm olan kənarları açarlı tort qabında bişirmişəm, siz istəsəniz orta ölçülü şüşə oda davamlı soba qabında da bişirə bilərsiz.
Lazım olanlar:
200 ml süd
2 ədəd yumurta (birinin sarısını üstü üçün ayırın)
70 q kərə yağı
4 x.q şəkər tozu
yarım ç.q duz
5 q şəkərli vanilin
zövqə görə 80-100 q kişmiş
450-500 q un
Ştreyzel üçün:
30 qr kərə yağı
4 dolu x.q un
3 x.q şəkər tozu
Hazırlanması:
Əvvəlcə opara hazırlayırıq. Bunun üçün südü isidirik, ilıq olanda süddən 50 ml götürürük içinə 1 ç.q şəkər tozu, 1 ç.q quru maya və 2 dolu ç.q unu əlavə edib qarışdırırıq.
Qabın ağzını bağlayıb mayanı aktivləşməyə qoyuruq.
Hardasa bu vaxt yay ayı olduğu üçün 10-15 dəqiqə çəkir, lakin qış ayında olsa onda bu müddət biraz daha uzun olacaq.
Köpüklənən maya, ərimiş yağ, ilıq süd və undan başqa digər ərzaqları da qatıb qarışdırırıq. Ən axırda unu hissə hissə əlavə edib xəmir yoğururuq. Kişmişi də son qalan unu qatmamışdan əvvəl xəmirə əlavə edirik. Yumşaq ələ yapışmayan xəmir yoğurun. Xəmir olan qabın ağzını bağlayıb (mən həmişə streç plyonka çəkirəm) ədyala vəya süfrəyə büküb, mayalanmağa qoyuruq. Yay ayı olduğu üçün 1 saat 20 dəqiqə kimi müddət də mayalanır. Mayalanan xəmiri 8 kündəyə bölürük, yumrulayıb, bişirəcəyimiz qaba yığırıq.Yumru qabda hazırlasanız mənim kimi kənarlarda 7 ədəd ortada da 1 ədəd qoyun. Xəmirləri düzdükdən sonra qabın üstünü örtün və yenə həmin qabda mayalanmağa qoyun 45 dəqiqə müddətində. Əvvəlcə xəmirlərin arası boş qalır, bişəcəyi qabda da mayalanan zaman bu boşluqlar dolur çiçək formasını alır.
Villaların üzərinə yumurta sarısını çəkin və umacı səpin.
175-180 dərəcə də qızarana kimi bişirin. Qalın olduğu üçün asta-asta bişməyi məsləhətdir ki, içi xəmir qalmasın.
Ştreyzel:
Unu ələyin yumşaq kərə yağını və şəkər tozunu əlavə edib, umac edin.
Məndə biraz artıq qaldı bir dəfə də bulkanın üstünə tökmək olar, sizdə də qalsa ağzı sıx bağlanan kiçik bir bankaya tökün və soyuducu da saxlayın.
Hazırlayanlara nuş olsun.


No comments:
Post a Comment