Kişmişli bulka. Hörük formasında olan bulkalardan həmişə xoşum gəlir. Nəhayət bugün bişirdim, elə ilıq vəziyyətdə tez tələsik şəklini çəkib resepti yazdım.
Üzərinə şəkildə qəşəng görünməsi üçün qoz ləpəsi səpmişəm, doğurdan da qəşəng göründü. Bəzi saytlarda başqa cür hörük forması görmüşdüm lakin şəkillərdən heçnə başa düşmədim, ona görə uşaq vaxtı analarımız saçımızı necə hörərdi, elə də etdim. Daha doğrusu anam elədi. :) Kəsilmiş halı ilıq olduğu üçün didildi, siz soyuyandan sonra kəssəniz yaxşıdır.
Lazım olanlar:
150 ml süd
50 ml su
1 ədəd yumurta
50 qram kərə yağı
3 x. q şəkər tozu
1 ç.q duz
1 ç.q quru maya
Un apardığı qədər (təxmini 500-550 qram)
Xəmirə qatmağa 100 qram qara kişmiş yoxdursa sarı kişmiş də olar
Üstü üçün:
1 yumurtanın sarısı
1 x.q süd vəya su
7-8 ədəd qoz ləpəsi
Hazırlanması:
Südün içinə suyu qatıb bir qaba tökün və ocaqda istilənməyə qoyun. Kərə yağını əridib hazır qoyun. İsti olmayan ilıq südlü su qarışığına quru mayanı qatın, əl çırpıcısı ilə mayanı süddə əridin. Şəkər,duz, kərə yağını, yumurtanı bura qatın yenə qarışdırın. Xəmir yığılmağa başlayanda yuyub qurutduğumuz kişmişləri xəmirə əlavə edin,xəmiri qəşəng yoğurun.
Qabın üzərinə streç plyonka çəkin, isti yerdə mayalanmağa qoyun 1 saat yarım 2 saata mayalanmalıdır.
Mayalanan xəmirə hörük forması verin, 1 saat üstü bağlı vəziyyət də bişirəcəyiniz soba listində yenidən dincəlməyə qoyun.
Xəmirin həcmi artmalıdır, sobanı 180 dərəcə də işə salın.Üzərinə yumurtanı çəkirik. Xırdalanmış qoz ləpəsi səpib göndərin sobaya.
1 saat bişirin, qalın olduğu üçün gec bişir.
Qeyd: Yumurtanı soyuducudan çıxardan kimi istifadə etməyin. Soyuq yumurta digər ərzaqları soyutduğu üçün, xəmir mayalanmaya bilər. Həmişə istifadə etməmişdən 30 dəqiqə əvvəl yumurtanı soyuducudan çıxardın.
Qış aylarında bəzən evlər soyuq olur, bu da xəmirin mayalanmamasına gətirib çıxardır.
Xəmirin olduğu qabdan böyük qabın içinə yarıya kimi ilıq su doldurub, xəmir olan qabı su doldurduğumuz digər qabın içinə qoyun.
Su soyumaya başlayanda suyu atın və qaba yenə ilıq su tökün
Bunu 4-5 dəfə xəmirin həcmi artana qədər təkrarlayın.
Unutmayın su isti yox ilıq olmalıdır,isti olsa xəmir bişər üstü qabıq bağlayar qıcqırmış iy verər.
NUŞ OLSUN!



No comments:
Post a Comment