Verdiyim ölçülər tam 12 ədədli maffin qəlibi üçündür, maffin qəlibiniz yoxdursa orta ölçülü keks qəlibində də bişirəbilərsiz.
Neçə vaxtdır havalar tutqun keçdiyi üçün şəkillər biraz qaranlıq olur.
Lazım olanlar:
100 qram kərə yağı
100 qram xama yağlılığı 20%
180 qram şəkər tozu
2 ədəd yumurta
1 portağal qabığının rəndəsi
10 qram qabardıcı toz
210 qr un
Hazırlanması:
Portağal qabığını rəndələyirik,ağ yerini rəndələməyin acılıq verir yoxsa.
Otaq temperaturunda yumşalmış yağla birgə şəkəri 3 dəqiqə mikserlə çırpırıq. Yumurtanı qatırıq bura 2 dəqiqə yenə çalırıq. Mikseri söndürüb xamanı və portağal qabığının rəndəsini əlavə edib qaşıqla qarışdırırıq.
Unu və qabardıcı tozu ələyib qatırıq bura və qarışdırırıq, xəmirdə un kütlələri qalmamalıdır. Qaşıqdan tez tökülməyən biraz qatı xəmir alınmalıdır. Maffin qəlibinə maffin kağızlarını düzürsünüz və xəmirdən hər yuvaya paylayırsınız. Maffin üçün olan kağızlardan yoxdursa hər yuvanı incə təbəqə yağla yağlayın sonra un səpin, artıq ununu qəlibin arxasına vuraraq boşaldın.
180 dərəcə də əvvəlcədən isidilmiş sobada 20-25 dəq. bişir. İlk 20 dəqiqə heç sobanın qapağını açmayın, üstü qızaran zaman keçsə çöp batırın quru çıxsa deməli hazırdır.
Soyuyandan sonra üzərinə şəkər kirşanı da səpmək olar.
NUŞ OLSUN!


No comments:
Post a Comment