July 10, 2020

Badambura

badambura resepti

Badambura resepti. Bu istidə yadıma badambura düşdü, dedim onsuzda nəsə bişirəndə mətbəxdə vaxt keçirdirəm. Bayramda bişirdikdən sonra yorğunluğdan şəkil çəkməyə həvəs qalmır, həmdə təzə-təzə bişirilən şirniyyatlar daha canlı və gözəl görünür şəkildə. Onuda deyim ki mən professional badambura bişirən deyiləm, görkəminə görə ola bilsin deyəbilərsiz ki biraz toppuş olublar. Toppuş olsalar da dadlıdır, mən yağlamışam qalan işləri anam edib :)


Xəmir üçün lazım olanlar:
400 ml süd
100 q kərə yağı
1 yumurta
1 ç.q quru maya
1 ç.q şəkər tozu
1 ç.q duz
700 q un

Yuxaları yağlamaq üçün:
200-250 q kərə yağı

İçlik üçün:
150 q qoz ləpəsi 
150 q şəkər tozu
zövqə görə vanilin və ya hil

Üstünə:
şəkər kirşanı

Hazırlanması:
Xəmir üçün südü bir qazana boşaldırıq qoyuruq ocağın üstünə. İlıq vəziyyətdə olan da süddən 6-7 xörək qaşığı götürüb içinə maya və şəkər tozunu əlavə edirik.
Həmin bu mayalı südlü qarışığ (opara) olan qabı üstünü bağlayıb bir kənarda mayanın aktivləşməyini yəni şişməyini gözləyirik. Bu vaxt ərzində ocağın üstündəki isinmiş südün içinə yağı əlavə edib yağı südün içində əridirik.Əriyəndən sonra ocağın altını söndürük südü qaynatmırıq.
Dərin bir qaba unu ələyirik, içini hovuz kimi açıb, bura duz,opara, ilıq südlü yağ və yumurtanı da əlavə edib xəmir yoğururuq. Yoğrulan xəmirin üstünü örtüb mayalanmağa qoyuruq. 1saat -1.5 saat (qış olduqda 2 saata yaxın olur) qoyuruq mayalansın. 

Bu vaxt ərzində içliyi hazırlayaq. İçlik üçün qoz ləpəsini ləpə üyüdən və ya blender ilə üyüdürük. Üyüdülən qozu bir qaba boşaldıb içinə şəkər tozu və vanilin yaxud hil əlavə edib qarışdırırıq, içlik hazırdır.

Mayalanan xəmiri 8 kündəyə bölürük yuxanı yayacağımız taxtanın üstünə əritdiyimiz kərə yağından fırça ilə hər yerinə çəkirik.
Başqa bir taxta üstünə azca un səpib, kündələrdən birini götürüb oxlov ilə (yerdə qalan kündələrin üstünü örtün ki, qabıq bağlamasın.) incə olmaq şərti ilə açırıq. Yağladığımız digər taxtanın üstünə qoyub taxtanın üstünü tamam örtəcək formadan cırmadan dartaraq taxtanın üstünə yayırıq. Sonra yenə yuxanın üstünü yağlayırıq və üstünə açdığımız yuxanı sərib onu da digər yağlı yuxanın üstünü örtəcək formada cırmadan yayırıq. (1-2 yuxa azca cırılsa problem deyil bizdə də oldu) Belə qat-qat olacaq formada kündələr qurtarana qədər eyni prosesi təkrar edirik. Şəkil bir təhər oldu eləbil, amma heç yoxdan yaxşıdı :)


Ən üst qatını da yağlayırıq. Xəmirdən yuxarıdan aşağıya doğru istədiyiniz uzunluqda lentlər kəsirik. Tamam başdan aşağı bükməyin çox böyük olar badamburalar, qalın olanda içi yaxşı bişməyə bilər.
Sonra o lentləri baş tərəfindən tutub rulet kimi bükürük.


Bütün xəmirləri eyni qayda ilə hazırlayırıq. Daha sonra içlərini açıb içlikdən bacardığınız qədər doldurub ağzını sız bağlayırıq. 21-22 ədəd badambura alınır baxır ölçüsünə.



Ağzını bağladıqdan sonra şəkərbura bükən kimi bükün ki açılmasın.
Bişirəcəyiniz soba tavasına sıx olmamaq şərti ilə düzün badamburaları. 15-20 dəq soba tavasında da biraz özlərinə gəlsinlər sonra 180-190 dərəcəli əvvəlcədən isidilmiş soba da altları qızarıb üstləri də azca saralanda sobadan fötürün. İlk istiliyi gedəndən sonra üstünə şəkər kirşanı səpin.

Hazırlayanlara nuş olsun.
boşqab zelhome


No comments:

Post a Comment